SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

azolin.jpg
  •  

  •  

  •  

  •  

Gemasin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

GEMASİN inyeksiya üçün məhlul  

Tərkibi

Təsiedici maddə: Hər 2 ml-lik ampulun tərkibinə 80 mq gentamisin-sulfat daxildir.  

Köməkçi maddələr: metilparaben, propilparaben, trilon B, natrium metabisulfid, inyeksiya üçün su.

Farmakoloji xüsusiyyətlər

Aminoqlikozid qrupundan olan geniş təsir spektrli antibiotikdir. Gemasin bakterisid təsir göstərir. Bakteriya membranından fəal keçərək bakterial ribosomların 30S-subvahidi ilə birləşir, nəticədə bakteriya zülallarının sintezini pozur.

Farmakodinamikası

Gemasin müxtəlif qrammənfi bakteriyalara: Escherichia coli, Shigella spp., Salmonella spp., Enterobacter spp., Klebsiella spp., Serratia spp., Proteus, Pseudomonas aeruginosa, Acetinobcter spp. qarşı yüksək həssaslıq göstərir. Həmçinin, qrammüsbət aerob kokklara: Staphylococcus spp. (həmçinin, penisillinlərə və digər antibiotiklərə davamlılara), Streptococcus spp.-nın bəzi ştammlarına qarşı da fəaldır. Neisseria meningitidis, Treponema pallidum, Streptococcus spp.-nın bəzi ştammları və anaerob mikroorqanizmlər Gemasinə qarşı davamlıdırlar.

Farmakokinetikası

Əzələdaxili yeridildikdən sonra Gemasin inyeksiya yerindən tez sorulur. Ə/d yeridildikdən sonra 30-60 dəqiqə ərzində qanda maksimal qatılığa çatır. Plazma zülalları ilə az miqdarda birləşir (0-10%). Hüceyrəxarici mayeyə və orqanizmin bütün toxumalarına paylanır. Plasentadan keçir. Metabolizmə uğramır. Yarımxaricolma dövrü 2-4 saatdır. 70-95% sidiklə, az miqdarda isə ödlə xaric olunur.

İstifadəsinə göstərişlər

Gentamisinə həssas mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər: kəskin xolesistit, xolangit, pielonefrit, sistit, pnevmoniya, plevranın empieması, peritonit, sepsis, meningit, ventrikulit, dəri və yumşaq toxumaların irinli infeksiyaları, yara və yanıq infeksiyaları, sümük və oynaqların infeksiyaları zamanı təyin edilir.

Əks göstərişlər.

Gentamisin və digər aminoqlikozid qrupundan olan antibiotiklərə qarşı həssaslıq, eşitmə sinirinin nevriti, böyrəklərin funksiyalarının ağır pozğunluqları, uremiya, hamiləlik və laktasiya.

İstifadə qaydası və dozası

Xəstəliyin ağırlığı, infeksiyanın lokalizasiyası, dərəcəsi, həmçinin, törədicilərin həssaslığından asılı olaraq fərdi təyin olunur. Preparatın ə/d və v/d təyini zamanı böyüklər üçün birdəfəlik doza 1-1,7 mq/kq; sutkalıq doza isə 3-5 mq/kq müəyyən edilir. İnyeksiyanının sayı gündə 2-4 dəfə, müalicə kursu 7-10 gün təşkil edir. Xəstəliyin etiologiyasından asılı olaraq 120-160 mq dozada gündə 1 dəfə, 7-10 gün ərzində təyin olunur. Venadaxili infuziyanı 1-2 saat ərzində aparırlar. 2 yaşdan yuxarı uşaqlara Gemasin sutkalıq dozası 3-5 mq/kq gündə 3 dəfə yeritməklə müəyyən edilir. Vaxtından əvvəl doğulmuş və yenidoğulmuş uşaqlara 2-5 mq/kq sutkaya gündə 2 dəfə; 2 yaşadək uşaqlara isə dozanı gündə 3 dəfə yeritməklə təyin edilir. Böyrək çatışmazlığı olan xəstələrdə kreatinin klirensindən asılı olaraq dozanın düzəlişinə ehtiyac vardır. Ə/d və v/d istifadə zamanı böyüklər və uşaqlar üçün maksimal sutkalıq doza 5 mq/kq təşkil edir.

Əlavə təsirləri

Həzm sistemi tərəfindən: ürəkbulanma, qusma, qaraciyər transaminazalarının fəallığının artması, hiperbilirubinemiya; qanyaradıcı sistem tərəfindən: anemiya, leykopeniya, qranulositopeniya, trombositopeniya; sidikaxarı sistemi tərəfindən: oliquriya, proteinuriya, mikrohematuriya, böyrək çatışmazlığı; MSS və periferik sinir sistemi tərəfindən: baş ağrıları, yuxululuq, sinir-əzələ keçiriciliyinin pozulması, eşitmənin zəifləməsi, vestibulyar pozğunluqlar, bərpa olunmaz karlıq; allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, övrə, üşütmə, nadir hallarda-Kvinke ödemi.  

Hamiləlik və laktasiya dövründə istifadəsi.

Gemasin hamiləlik dövründə əks göstərişdir. Laktasiya dövründə istifadəsinə ehtiyac olduqda südlə qidalandırmanı dayandırmaq lazımdır.

Xüsusi göstərişlər

Parkinsonizm, miasteniya, böyrəklərin funksiyasının pozğunluqları zamanı Gemasinı ehtiyatla  istifadə etmək lazımdır. Gemasinin istifadəsi zamanı böyrəklərin, eşitmə və vestibulyar aparatın fəaliyyəti nəzarətdə saxlanılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri  

Aminoqlikozidlər, vankomisin, sefalosporinlər və etakrin turşusu ilə birgə istifadəsi zamanı oto- və nefrotoksik təsirin artması müşahidə oluna bilər. İndometasinlə birgə istifadəsi zamanı gentamisinin klirensinin aşağı düşməsi, qanın plazmasında onun qatılığının artması və bunu nəticəsində toksiki təsirinin artması müşahidə oluna bilər. İnhalyasion narkoz və narkotik analgetiklərlə birgə istifadəsi zamanı sinir-əzələ blokadası ehtimalı artır, həmçinin apnoye müşahidə oluna bilər. Diuretiklərlə (furosemid, etakrin turşusu) birgə istifadəsi zamanı gentamisinin qanda qatılığı artır və bunun nəticəsində yan toksiki reaksiyaların olma ehtimalı artır.

Saxlanma şəraiti

25oC temperaturdan aşağı olmamaq şərtilə, qaranlıq və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Yaralılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması .

2 ml-lik ampullarda, 5 ampul içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.  

Aptekdən buraxılma şərti.

Həkim resepti ilə buraxılır.

İstehsalçı:

«Azərfarm» LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.

Təlimatı yüklə