SOSİAL PAYLAŞIM

KORPORATİV FİLM

PREPARATLAR

klafsim2.jpg
  •  

  •  

  •  

  •  

Ultragestin

utlragestin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

ULTRAGESTİN

Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq medroksiprogesteron asetat vardır.

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, povidon K25, maqnezium stearat,  distillə suyu.

Farmokoloji xüsusiyyətləri

Ultragestin – progesteronun törəməsi olub, progestiv təsir göstərir; androgen və estrogen aktivliyinə malik deyildir. Müvafiq dozalarda hipofizdən qonodotrop hormonların (xüsusən lüteinizəedici) sekresiyasını inhibə edir, follikulların yetişməsi və ovulyasiyanın qarşısını alır. Ultragestin həmçinin endometriumun sekretor dəyişikliklərini tormozlayır, uşaqlıq boynu seliyinin özlülüyünü artırır. Uşaqlıq yolu epitelinin yetişməsi indeksində ara hüceyrələrin sayını artırır. Estrogenlərin normal konsentrasiyasında poliferativ endometriumun sekretor endometriuma transformasiyasına səbəb olur. Preparat menopauza dövründə qadınlarda vazomotor simptomatikanın təzahürünü azaldır.

Farmakokinetikası

Zülallarla birləşməsi 90-95% təşkil edir. Preparat qaraciyərdə metabolizə uğrayır. T ½ - 30 saat təşkil edir, əsasən sidiklə metabolitlər şəklində xaric olur. Preparat ana südünə daxil olur və hematoensefalik baryeri keçir.

İstifadəsinə göstərişlər

  • Disfunksional (anovulyator) uşaqlıq qanaxmaları;
  • Endometrioz;
  • Menopauza dövründə estrogenlə müalicə zamanı endometriumda yanaşı təsirlərin korreksiyası;
  • Predmenstrual sindrom;
  • Postmenopauza dövründə osteoporozun müalicə və profilaktikası;
  • Birincili və ikincili amenorreyaların differensial diaqnostikası;
  • İkincili amenorreya.

Əks göstərişlər

Medroksiprogesterona qarşı yüksək həssaslıq, anamnezdə tromboembolik sindrom və ya insult; qaraciyərin xəstəlikləri, naməlum etiologiyalı vaginal qanaxmalar, hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər

Ultragestinin təyini başlayana qədər xəstələrdə cinsiyyət orqanlarının və süd vəzilərinin şişi istisna olunmalıdır. Anamnezdə depressiyaya görə müalicə halları varsa, ultragestinlə müalicə dövründə belə xəstələrin diqqətli müşahidəyə ehtiyacı vardır. Tromboflebitik halların (tromboflebit, serebrovaskulyar pozğunluq, ağciyər arteriyaları şaxələrinin tromboemboliyası, böyrək trombozu) inkişafına şübhənin olması preparatın təcili dayandırılmasını tələb edir. Preparatın kiçik dozalarını qəbul edən bəzi xəstələrdə qlükozaya qarşı tolerantlığın aşağı enməsi mümkündür. Preparat diabetiklərə təyin edilərkən bu nəzərə alınmalıdır. Hamiləlik vaxtı preparatdan istifadə məsləhət görülmür. Ilk qəbul normal menstruasiyanın ancaq 5-ci günü başlanmalıdır (hamiləliyin olmamasına zəmanət). Əgər preparatla müalicə fonunda endometriumun və ya uşaqlıq boynunun sitoloji və ya histoloji müayinəsi aparılarsa, onda histoloq aparılan müalicə haqqında xəbərdar edilməlidir. Epilepsiya, miqren, astma, habelə ürək və böyrək çatmamazlığı hallarında mayenin toplanması ehtimalını nəzərə almaqla xüsusi ehtiyat tələb olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatdan istifadə zərurəti yaranarsa, o zaman ana südü ilə qidalandırma dayandırılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aminoqlutetimid preparatın qan plazmasında konsentrasiyasını aşağı salır və təsirini zəiflədir.

İstifadə qaydası və dozası

Disfunksional (anovulyator) uşaqlıq qanaxmalarında ultragestin 5-10 mq/gün dozada 10 gün təyin edilir. Bu müddət ərzində qanaxma tədricən dayanır. Preparatı dayandırdıqdan 3-7 gün sonra progestinin dayandırılma qanaxması başlayır. Bundan sonra ultragestini tsiklin 16-cı günündən başlayaraq 2-3 tsikl ərzində qəbul etməklə müalicəni təkrarlamaq olar.

Menopauza dövründə estrogenlərlə müalicə aparılarkən endometrium tərəfindən hiperplastik effektlərin qarşısını almaq məqsədilə ultragestin 5-10 mq/gün dozada, ən azı 10 gün, estrogenlərlə 25 günlük müalicənin 16-cı günündən başlamaqla təyin edilir. Ultragestinin qəbulu dayandırıldıqdan 3-7 sutka sonra progestinin dayandırılma qanaxması başlamalıdır.

Endometriozun müalicəsi məqsədilə ultragestin 10 mq dozada, gündə 3 dəfədən 90 gün ərzində, tsiklin 1-ci günündən başlayaraq təyin etmək məsləhətdir.

Birincili və ikincili amenorreyaların differensial diaqnostikası məqsədilə ultragestin 5-10 mq dozada, 10 gün ərzində təyin edilir.

Doza həddinin aşılması

Preparatın yüksək dozada qəbulu halları qeyd olunmamışdır.

Əlavə təsirləri

Allergik reaksiyalar: məxmərək, səpgilər, anafilaktik reaksiya halları.

Qan laxtalanma sisteminə: tromboemboliya, tromboflebitlər.

MSS-nə: nevroz halları, yuxusuzluq, yuxululuq, zəiflik, depressiya, başgicəllənmə, baş ağrıları. Mədə-bağırsaq sisteminə: ürəkbulanma.

Cinsi orqanlara: cinsiyyət yollarından xaric olan ifrazatın xarakterində dəyişikliklər, süd vəzilərinin həssaslığı və qalaktoreya.

Digər: bədən çəkisinin dəyişilməsi, pirogen reaksiyalar.

Buraxılış forması

Blisterdə 30 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

Təlimatı yüklə